× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

“Erasmus+” proqramı çərçivəsində xarici gənclər gəmiçilik tariximizlə tanış olublar FOTOLAR+VİDEO

“Erasmus+” proqramı çərçivəsində Avropa və Asiyanın 18 ölkəsini təmsil edən 100 nəfər gənc “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində olub.

Azərbaycan, Türkiyə, Macarıstan, Yunanıstan, Sloveniya, Rumıniya, Fransa, Ukrayna, Gürcüstan, Norveç, Portuqaliya, İtaliya, Bolqarıstan, Polşa, Makedoniya, Mərakeş, Pakistan və İspaniyadan  olan gənclərə muzeydə xüsusi ekskursiya təşkil edilib.

Dünyanın ilk tanker-muzeyində onlara ASCO-nun fəaliyyəti, gəmiçilik tariximiz və ənənələrimiz barədə ətraflı məlumat verilib. Tanker-muzeyin “Xəzərin Ruhu” zalında mövcud 360 dərəcəlik ekranda Azərbaycanın tarixi, mədəniyyəti, o cümlədən 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizi əks etdirən videoçarx iştirakçıların böyük marağına səbəb olub.

İştirakçılar gəmi-muzeydə “sülhə dəstək” şüarı altında yoqa seanslarına qatılıblar.

Tədbirin “Avropada Azərbaycan” adlı mədəni hissəsində isə musiqili proqram təqdim edilib. Azərbaycan milli musiqi alətlərindən ibarət musiqi nümunələri (tar, kamança, nağara, saz və s.), eləcə də milli rəqslərimiz və 236 saylı məktəbin II sinif şagirdlərinin  hazırladığı xüsusi dənizçi rəqsi iştirakçıların diqqətini çəkib. Həmçinin, xarici gənclər üçün burada  milli atributlarımızdan ibarət mədəniyyət stendi nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının QHT-lər ilə iş sektorun müdiri Vüsal Quliyev və Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da iştirak edib.

Tədbirin uğurla baş tutması üçün “Gənc Könüllülər” İB-nin könüllüləri yaxından dəstək göstəriblər.

Yekunda tədbir iştirakçıları üçün “Suraxanı” gəmi-muzeyinin restoranında əyləncəli proqram təşkil edilib.

Layihənin əsas məqsədlərdən biri Avropa və Asiya qitələrindən olan gənclərin Azərbaycan haqqında qiyabi təsəvvürlərini və məlumatlarını daha da artırmaq, ölkəmizin beynəlxalq imicinə töhfə verməkdən ibarətdir.