× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Azərbaycan Dövlət Dəniz Akademiyası

Regionda yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan yeganə təhsil ocağı

Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Azərbaycan Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaranması dənizçilik təhsilinin inkişafının yeni mərhələsinin başlanğıcı oldu.

Ulu öndər Heydər Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti olaraq təkcə Gəmiçilik üçün deyil, dünya sularında üzən yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Yarandığı ilk gündən Akademiya ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul olunduğu Beynəlxalq Dəniz Təşkilatının  "Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri" 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanıb və müvafiq qaydada təsdiq edilərək  BDT tərəfindən qəbul edilib.  Akademiya 012 sayı altında  dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki A.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-metodiki şurasinin üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və müxtəlif ölkələrin 19 ali dənizçilik məktəbi ilə birbaşa əməkdaşlıq edən ali təhsil müəssisəsidir.

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan Akademiyanın fəaliyyəti çoxşaxəli olmaqla, həm yüksəkixtisaslı dənizçi kadrların hazırlanması, həm də onların ixtisasartırma və yenidən hazırlanması istiqamətlərilə müşayiət olunur.  Bu məqsədlə Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 saylı qərarı ilə “Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi” yaradılıb. 2014-cü ildən isə dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılmasını Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi həyata keçirir. Təlim Tədris Mərkəzinin əsas məqsədi gəmi heyətlərinin və dəniz obyektlərində işləyən mütəxəssislərin "Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri" (DHSNÇ) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun hazırlanmasıdır. Təlim Tədris Mərkəzində 31 adda kurslar üzrə dinləyici hazırlığı həyata keçirilir.

Gəmiçiliyin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Akademiyada tədrisin dünya standartlarına cavab verməsi məqsədilə müasir avadanlıq və trenajorlarla təminat prosesi ardıcıl şəkildə davam etdirilir.

Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.

2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABS-in “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABS-in uyğunluq sertifikatını əldə edib.

Gəmiçiliyin daim yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi keyfiyyətə üstünlük verilməsi şərtilə reallaşır. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin əsas kadr sütünu olan ADDA Cəmiyyət və onun sədri Rauf Vəliyevin daim diqqət və qayğısı ilə əhatə olunub. Təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunların işlə təmin olunması (zəmanət məktublarının verilməsi əsasında), onların karyera inkişafı, əlavə təhsil alması, Qara dənizdəki gəmilərə üzmə təcrübəsinə göndərilməsi, təqaüd proqramının tətbiqi, habelə sosial müdafiəsinin gücləndirilməsi bu diqqətin nəticəsidir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriat, magistratura, doktorantura) müasir standartlara yüksək səviyyədə cavab verən tədris prosesi qurulub.

Hazırda ADDA-da 2 fakültə və 7 kafedra fəaliyyət göstərir. Akademiyada tələbələrin tədrisi, təlim-tərbiyəsi ilə 6 professor, 30 dosent, 47 baş müəllim və 17 assistent müəllim məşğul olur. Burada 4 ixtisas – “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları üzrə qəbul aparılır.

Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, xarici vətəndaşlar da təhsil alır.

Akademiyada müasir tədrisi təmin edən vasitələrdən biri kimi tədris gəmisindən konvension ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur. 2017-ci ildən Tədris gəmisi kimi ADDA tələbələrinin ixtiyarına verilən “Sabit Orucov” sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda tələbələrimiz həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini keçirlər.

Akademiyada təhsil alan tələbələr tam təmirli, güzəştli yataqxana, gündə iki dəfə isti yemək, yay-qış  geyimlərilə ödənişsiz təmin olunur. Onların tələbatını ödəyən,  Azərbaycan, Rus və İngilis dillərində dənizçilik peşəsinə aid ədəbiyyatla təmin olunmuş İnformasiya-resurs mərkəzi,  yeməkxana, idman zalları, hovuz vardır.

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıqçılıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərini rəhbər tutaraq, Akademiyada Tələbə Elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.  Bu fəaliyyətin təsdiqi kimi 26-27 noyabr 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə respublikamızın əksər ali məktəblərinin iştirakı ilə ADDA-da keçirilən ümumrespublika ali məktəblərarası “Dil-karyeraya gedən yol”  müsabiqəsini qeyd etmək lazımdır. Beləcə, neçə ildir ki eyniadlı müsabiqəyə ev sahibliyi edən ADDA respublikamızın tələbə gənclərinə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyinin bir hissəsi olan ADDA gəncləri qərarları ilə Ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edən Prezident İlham Əliyevin “Neft gəlirlərini insan kapitalına çevirək”  devizi istiqamətində səylə çalışaraq, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Rektor: Heydər Əsədov

Ünvan: Bakı şəhəri, AZ1000, Zərifə Əliyeva küç., 18
Telefon: (+99412) 493 36 44
Faks: (+99412) 493 75 21
www.adda.edu.az
E-mail: akademiya@asco.az

Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır.

Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930-1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946-1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956-1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960-1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963-1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin (“Xəzərbalıq”) və 1980-1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin (“Xəzərbalıq”), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi “Azərbalıq” Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır.

Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır. Respublikanın balıq sənayesinin və təsərrüfatının inkişafında Kollecin rolu inkaredilməzdir. Kollec 87 illik fəaliyyəti dövründə 15 mindən çox mütəxəssis yetişdirmişdir. O cümlədən, bu qocaman təhsil ocağında MDB ölkələri, bəzi Avropa, Afrika, Asiya və Latın Amerikası ölkələri üçün də balıqçı, gəmi sürücüsü, mexanik və elektromexanik mütəxəssislər də hazırlamışdır. Kollecin məzunlarından 20 nəfər elmlər namizədi, 5 nəfər isə elmlər doktorudur. Məzunların böyük bir qrupu rəhbər vəzifələrdə çalışır.

Azərbaycan Dənizçilik Kolleci 1930-cu ildə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin qərarı ilə yaradılmış və Zaqafqaziya Balıq Sənayesi Texnikumu adlandırılmışdır. Kollec ilkin dövrlərdə Zaqafqaziya Respublikaları üçün “Balıq ovu” və “Balığın emalı” ixtisasları üzrə mütəxəssis hazırlayırdı. 1939-cu ilə kimi kollecin tədris binası olmayıb. 1939-cu ildə Kollec üçün beşmərtəbəli xüsusi tədris binası tikilmişdir. Bu tədris müəssisəsi 1946-cı ildən bütün ölkə üçün balıqçı mütəxəssislər hazırlığına başlamışdır. Bir sıra ixtisaslar üzrə kadr yetişdirilməsinə xüsusi diqqət verilmişdir. 1950-ci ildən burada “Balıq və dəniz heyanlarının ovu”, “Balıq məhsullarının texnologiyası”, “İxtiologiya və balıqçılıq” ixtisasları üzrə fakültələr yaradıldı. 1960-cı ildən başlayaraq balıq sənayesində böyük surətlə sıçrayışlar oldu. SSRİ-də iqtisadi inkişafla əlaqədar olaraq kollecdə mütəxəssis hazırlığı üzrə ixtisasları bir qədər də genişləndirmək zərurəti yarandı. Belə ki, bu dövrdə “Gəmi güc qurğuları”, “Mühasibat uçotu” və “Dəniz gəmi sürücüsü” ixtisasları üzrə fakültələr də açılmışdır.

Kollec 87 illik fəaliyyəti dövründə bir neçə dəfə ağır çətinliklərlə qarşılaşmışdır. Bəzən bağlanmaq təhükəsilə də üzləşmişdir. Lakin bu təhlükə elə də uzun sürməmiş, tezliklə aradan qaldırılmışdır. 1959-cu ildə isə Respublikanın balıq sənayesinin balıqçı kadrlara tələbatının az olması ilə əlaqədar bu tədris ocağının bağlanması və tələbələrin başqa kolleclərə köçürülməsi məsələsi ortaya çıxmışdı. 1975-ci ildə Kollecin Rusiyanın balıq sənayesi müəssisələrində işləyən məzunlarının rus dilini zəif bilmələri və SSRİ Balıq Təsərrüfatı Nazirliyinin ögey münasibəti ilə əlaqədar Kollec bir daha bağlanmaq təhlükəsi qarşısında qaldı. Respublika hökumətinin məsələyə qarışması nəticəsində Kollec fəaliyyətini davam etdirdi.

Üçüncü dəfə Kollecin bağlanması məsələsi keçmiş SSRİ-nin dağılması ilə əlaqədar olmuşdur. Belə ki, kollec 1992-ci ildə “Azərbalıq” Dövlət Konserninin tabeliyinə verildi, həmin dövrdə onun tədris binası da konsern tərəfindən heç bir əsası olmadan alınaraq tədris, təlim-tərbiyə üçün şəraitsiz, qaçqınların məskunlaşdığı yataqxana binasına köçürüldü. Nəticədə burada tələbə kontingenti son dərəcə azalmış, təlim-tərbiyənin səviyyəsi xeyli zəifləmişdir. Kollecin belə bir tənəzzülə uğradığı zamanda Ümummillilider Heydər Əliyevin Kollecin müqəddəratının həll olunmasında vaxtında verilmiş 13 iyun 2000-ci iltarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanı böyük rol oynadı. Bununla da Kollecin kollektivi bir daha şahid oldu ki, Ümummilli liderimizin diqqətindən heç bir şey yayınmır. Və bunun nəticəsində Azərbaycan Dənizçilik Kolleci 1999-cu ildən dirçəliş dövrünü yaşamağa başladı.

Kollecin tələbələri respublika əhəmiyyətli bir çox müsabiqələrin və idman yarışlarının iştirakçısı olmuş və dəfələrlə mükafatlara və qalib yerlərə layiq görülmüşlər. Kollecin oğlanlardan ibarət komandası şahmat və voleybol üzrə 2017-ci il Respublika Birinciliyində 2-ci yer tutmuşdur.

Azərbaycan Dənizçili Kolleci Respublika orta ixtisas təhsili müəssisələri arasında ilklərə imza atmaqla seçilməkdədir. Tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi sistemini tətbiq edən ilk kolleclərdən biri də Azərbaycan Dənizçili Kollecidir. İmtahanın kompüter-test üsulu ilə keçirilməsi də ölkənin  orta ixtisas təhsili müəssisələri arasında ilk olaraq Azərbaycan Dənizçilik Kollecinə məxsusdur.

Hal-hazırda Kolledə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:

“Gəmi sürücülüyü”

“Gəmi energetik qurğularının istismarı”

“Gəmi enerji avadanlıqlarının və avtomatik vasitələrinin istismarı”

“Gəmilərin təmiri”

“Gəmiqayırma”

“Gəmi maşın və mexanizmlərinin quraşdırılması, onlara texniki xidmət”

“Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə”.

Kollecdə mütəxəssis hazırlığı üçün yaxşı maddi-texniki baza, yüksək ixtisaslı, təcrübəli və işgüzar müəllim kollektivi vardır. Kollecin internetə qoşulmuş kompyuter parkı, kompyuterləşdirilmiş linqafon, müasir tipli fizika, kimya, biologiya kabinetləri, ixtisas fənləri üzrə işlək vəziyyətdə olan texniki avadanlıqlarla təmin olunmuş kabinet və laboratoriyaları, dəzgahlarla təmin olunmuş mexaniki emalatxanası vardır.

Kollec tələbələrinin əksəriyyəti təcrübəni  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və “Zığ” Gəmi Təmiri Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də dənizçilərin hazırlanması və sertifikatlandırılması daim diqqət mərkəzindədir. Gəmilərin heyət üzvləri və dəniz obyektlərində işləyən mütəxəssislər Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri (DHSNÇ-78) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə uyğun olaraq, xüsusi proqramlar üzrə hazırlıq, ixtisasartırma və təkmilləşdirmə kursları keçirlər.

“Rəsul Rza” təlim gəmisində, təlim-məşq laboratoriyalarında dinləyicilərin nəzəri hazırlığı üçün hər cür şərait yaradılmışdır. Yüksəkixtisaslı mütəxəssislər və təlimatçılar NTP-4000 Naviqasiya, TGS 4100 QDFƏRS, ERS-4000 Elektroenergetik qurğular və Radiolokasiya, Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı, Elektron Xəritə  Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları, Sürətli xilasetmə qayıq mütəxəssisi hazırlığı trenajorlarında dinləyicilərə ən müasir tələblər səviyyəsində biliklər verirlər.

Daha ətraflı məlumat üçün KEÇİD