× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Satınalmalar Komitəsi

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 2-ci maddəsi, ASCO-nun Nizamnaməsinin  3.2.24, 7.1.16, 7.1.17-ci bəndlərinə əsasən ASCO-nun 2014-cü il 12 iyun tarixli 99 nömrəli əmri ilə Satınalmalar Komitəsi (Komitə) yaradılmış, onun Əsasnaməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları” təsdiq edilmişdir. Komitə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirən və bu proseslərə nəzarət edən səlahiyyətli orqandır. Komitənin əsas məqsədi ASCO üzrə satınalma  əməliyyatlarını Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, ASCO-nun Nizamnaməsinə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na, satınalmalar sahəsində beynəlxalq gəmiçilik fəaliyyətində ümumi qəbul olunmuş prinsiplərə və işgüzar təcrübəyə uyğunlaşdırmaq, habelə ASCO-nun satınalma prosedurlarının, sui-istifadəyə imkan verən halları aradan qaldırmaqla  aşkarlıq, ədalət prinsipləri çərçivəsində aparılması və ən sərfəli iqtisadi, texniki təkliflərin cəlb edilməsindən ibarətdir. Komitənin tərkibi ASCO-nun sədri tərəfindən müəyyən olunur. Komitə öz işini üzvlərinin müvafiq qaydada iştirak etdikləri iclaslarda, eləcə də iclaslar keçirilmədən Komitə üzvlərinin müvafiq qaydada təsdiq etdikləri qərarlarının qəbul edilməsi yolu ilə təşkil edir. Komitə üzvlərinin yarısından çoxu iclasda iştirak etdikdə iclas baş tutmuş hesab olunur. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Komitə sədrinin səsi həlledicidir.

Komitənin hüquq və vəzifələri aşağıdakılardır:

  • Satınalmaları təşkil etmək və satınalma prosedurlarının satınalmaları tənzimləyən daxili sənədlərin tələblərinə uyğun keçirilməsinə nəzarət etmək, mübahisəli məsələləri həll etmək;
  • Qiymətləndirmə meyarlarını rəhbər tutmaqla müsabiqə təkliflərinə dair müstəqil qərarlar vermək;
  • Potensial malgöndərənlərin (podratçıların) siyahısını təsdiq etmək;
  • Səlahiyyət hədləri çərçivəsində satınalma strategiyasını, müsabiqə iştirakçılarının siyahısını, müsabiqə nəticələrini təsdiq etmək;
  • Səlahiyyət hədləri çərçivəsində malların (işlərin və xidmətlərin) müsabiqədənkənar satınalması üzrə satınalma strategiyasını təsdiq etmək;
  • Danışıqları aparmaq səlahiyyətini vermək;
  • Səlahiyyət hədləri çərçivəsində ümumi müqavilə dəyərinin artırılmasına razılıq vermək;
  • Qurumlar arasında satınalma prosesini əlaqələndirmək;
  • Satınalma müqaviləsi bağlananadək satınalma prosedurlarını dayandırmaq;
  • ASCO-nun satınalmaları tənzimləyən daxili sənədlərin hazırlanması və təkmilləşdirilməsi barədə ASCO-nun sədrinə təkliflər vermək;
  • ASCO-nun satınalmaları tənzimləyən daxili sənədlərinin tətbiqi ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq qərarlar qəbul etmək (sənədlər təsdiq etmək);
  • Müsabiqə nəticələri barədə şübhə yarandıqda, yoxlamaların aparılması məqsədilə aidiyyəti struktur bölmələr qarşısında vəsatət qaldırmaq;
  • Satın alan təşkilat tərəfindən qəbul edilməsi nəzərdə tutulmuş təklifin qiyməti malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənərsə, satınalma nəticələrinin ləğv edilməsi və satınalma prosedurlarının yenidən keçirilməsi barədə qərar qəbul etmək;
  • Satınalma əməliyyatlarının həyata keçirilməsinin qurumlara həvalə edilməsi barədə qərar qəbul etmək;
  • ASCO-nun Aparatında fəaliyyət göstərəcək Satınalma qruplarının yaradılması barədə qərar qəbul etmək və tərkibini təsdiq etmək;
  • Satınalma əməliyyatlarının səmərəli aparılması, eləcə də ehtimal olunan dəyərin müəyyən edilməsi məqsədilə kənar məsləhətçiləri və ekspertləri cəlb etmək;
  • ASCO-nun daxili sənədlərinə uyğun olaraq satınalmalar sahəsində tələb olunan kadrların hazırlanması, ixtisasartırma kurslarının təşkil edilməsi üzrə tədbirlər görmək.