Xəbərlər

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri yekunlaşıb. Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik kranın bütün istiqamətləndirici halqaları çıxarılıb və əsaslı təmir edilərək yerlərinə quraşdırılıb. Həmçinin gəmi üzrə braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin cari təmir işləri aparılıb.
Təmir çərçivəsində “Zülfi Hacıyev” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər zəncirləri, protektor qurğuları sazlanıb, gəmi üzrə rəngləmə işləri görülüb.
Gəmidə 1 dəst “X-Band” tipli radar və 2 dəst “VHF” tipli yeni stasionar radiostansiyalar quraşdırılıb. Kran gəmisinin komanda yayım qurğusunun əsaslı təmir-bərpa işləri aparılıb.
İşlər başa çatdıqdan sonra “Zülfi Hacıyev”-in kran qurğusunun sınağı aparılıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Qeyd edək ki, "Zülfi Hacıyev" gəmisinin uzunluğu 98,55, eni 17 metrdir.