× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmiçiliyin 160 illiyinə həsr olunmuş təsviri incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün  “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında keçirdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Xəzər dənizçilərinin çətin və spesifik əməyi ilə geniş auditoriyanı yaxından tanış etmək, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi barədə məlumatlandırmaq,  Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək və qiymətli ekosistem kimi qorunmasının vacibliyini ön plana çəkmək,  gənc və istedadlı rəssamları dəstəkləmək və onların işi ilə geniş auditoriyanı yaxından tanış etməkdir.

Tədbirdə hər üç nominasiya üzrə yer tutan iştirakçılara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) adından xüsusi diplomlar təqdim edilib. Onlara yeni yaradıcılıq uğurları arzulanıb.

Müsabiqəyə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarından, xarici ölkələrdən ümumilikdə 100-dən çox əsər təqdim edilib. Onlardan 89-u şərtlərə uyğun gələrək müsabiqədə iştirak hüququ qazanıb.

Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün əsərləri Azərbaycan Dövlət  Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, ADRA-nın prorektoru, xalq rəssamı Fuad Salayev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Səlhab Məmmədov, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri  Xanlar Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, ARİ-nin qrafika bölməsinin sədri, əməkdar rəssam Həmzə Abdullayev, “AXDG” QSC-nin sədr müavini Fərhad Quliyev və “AXDG” QSC-nin departament rəisi, əməkdar jurnalist  Mehman Mehdiyev ən yaxşı əsərləri müəyyən ediblər.

Qeyd edək ki, adıçəkilən müsabiqə ölkəmizdə ilk dəfə keçirilib. Müsabiqə çərçivəsində Muzey Mərkəzində əsərlərin sərgisi təşkil olunub və katoloq dərc edilib.