× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

“Dənizçi” mənzil-tikinti kooperativi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 2018-ci il 22 yanvar tarixli 13 nömrəli və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2018-ci il 19 yanvar tarixli 03 nömrəli əmr-qərarı ilə təsdiq edilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” mənzil-tikinti kooperativinə üzv olma barədə Qaydalar” haqqında

Məlumat

ASCO üzrə mənzil növbəsi siyahısına yenidən baxılması, müvafiq şəxslərin güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunması üçün “Dənizçi” mənzil-tikinti kooperativinə (bundan sonra “Kooperativ” adlanacaq) üzvlüklə bağlı məsələlərin tənzimlənməsi, habelə ümumilikdə qeyd olunanlarla əlaqədar həyata keçiriləcək tədbirlərin, prosedurların, görüləcək işlərin, şəffaf, ədalətli şəkildə və vahid qayda, prosedur əsasında yerinə yetirilməsi məqsədilə ASCO və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ADNİHİRK) birgə əmr-qərarına əsasən adıçəkilən Qaydalar təsdiq edilmiş və tərkibi veteran dənizçi, qeyri-hökümət təşkilatların nümayəndəsi, struktur idarələrin nümayəndələri, müstəqil ekspert və hüquqşünas olmaqla Mənzil Məsələləri Komissiyası yaradılmışdır. Komissiyanın Kooperativə üzvlüklə bağlı daxil olmuş ərizələrə baxılması, zərurət yarandıqda müraciət edən şəxsin mənzil şəraitinə yerində baxış keçirilməsi, faktiki yaşayış vəziyyətinin yoxlanılması, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacın qalıb-qalmaması məsələsinin araşdırılması və həmin şəxslərin Kooperativ üzvlüyünə namizəd olması və ya namizədlikdən imtina edilməsi barədə qərar verilməsi və sair vəzifə və səlahiyyətləri vardır. Komissiyada qərarlar yalnız iclas vaxtı və sadə səs çoxluğu ilə hesablanmaqla verilir və iclasın gedişatı protokollaşdırılır.

Kooperativə üzv olmaq hüququ bu Qaydaların tələblərinə uyğun olaraq yalnız ASCO tərəfindən təsdiq olunmuş “ASCO üzrə vahid mənzil növbəsi siyahısı”na əsasən mənzil növbəsində olan şəxslərə şamil edilir. Mənzil növbəsində duran şəxs Kooperativə üzv qəbul edilməsi üçün aşağıda sadalanmış bir neçə şərtlərə cavab verməlidir:

1. ASCO-nun vahid mənzil növbəsində olmaqla ASCO-da (və ya ASCO-nun iştirakçısı olduğu Alyansda) hazırda çalışan işçi və ya ASCO-nun vahid mənzil növbəsində olmaqla ASCO-dan (və ya ASCO-nun iştirakçısı olduğu Alyansdan) mənzil növbəsi saxlanılmaqla əmək münasibətlərinə xitam verilmiş sabiq işçi olmalıdır.

2. Şəxsin özünün və ya ailə üzvlərinin (ər/arvad və övladın) Bakı şəhəri inzibati ərazisi üzrə mülkiyyətində və ya faktiki əvəzsiz istifadəsində yaşayış sahəsi, və ya bu kimi digər daşınmaz əmlak olmamalı, şəxsin özünün və ya ailə üzvünün mülkiyyətində və ya faktiki əvəzsiz istifadəsində yaşayış sahəsi olduğu halda isə həmin yaşayış sahəsinin adambaşına düşən hissəsi 8 m2 az olmalı və ya şəxsin mülkiyyətində və ya əvəzsiz istifadəsində olduğu bir yaşayış sahəsində qeydiyyatda olmaqla birgə yaşayan ailələrin sayı 3 və ya daha çox olmalıdır.

Qeyd: ASCO dövlət qeydiyyatından keçdiyi gündən (31.01.2014) sonra şəxsin özünün və ya ailə üzvlərinin (ər/arvad və övlad) mülkiyyətində olan yaşayış sahəsinin bağışlama yolu ilə özgəninkiləşdirilməsi, habelə həmin tarixdən sonra müvafiq yaşayış sahəsinə qeydiyyata düşmə halları nəzərə alınmır və əvvəlki faktiki vəziyyət əsas götürülür.

Qaydalara uyğun olaraq ASCO üzrə mənzil növbəsində qeydiyyata alınmış mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin Kooperativə üzvlüyünə namizədliyi məsələsinə, habelə mövcud olan mənzil növbəsi uçotuna yenidən baxılması, üzvlüklə bağlı daxil olan ərizələrə uyğun olaraq sənədlərin araşdırılması və qeyd olunanlarla əlaqədar müvafiq qərarların verilməsi yalnız Mənzil Məsələləri Komissiyası tərəfindən həyata keçirilir. Kooperativ üzvü, qüvvədə olan mənzil qanunvericiliyinə müvafiq olaraq ailə üzvlərinin (ər/arvad və övlad) adambaşına düşən yaşayış sahəsi normasından (12 m2) az olmamaqla mənzil ala bilər. Yaşayış sahəsi dedikdə, şəxsin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələr (eyvan istisna olmaqla) də daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusu nəzərdə tutulur.

Qeyd: Təklif olunan mənzillər tam təmirli olaraq təhvil veriləcəkdir. Ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi hesablanarkən faktiki birgə yaşayan ailə üzvləri (ər/arvad və övlad)  nəzərə alınır.

Mənzil növbəsində olan şəxslər ilə əlaqə saxlanıla bilmədikdə və ya onların tapılması mümkün olmadıqda, üzvlük ilə bağlı təklif növbədə duran növbəti şəxsə edilir.

Kooperativə üzv olmaq üçün verilən ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

  1. xüsusi ərizə forması;
  2. kooperativə üzv olmaq istəyən şəxsin özünün və onun ailə üzvlərinin (ər/arvad və övlad) şəxsiyyət vəsiqəsinin surəti;
  3. övladın doğum haqqında şəhadətnaməsi;
  4. ailə tərkibi (üzvləri) haqqında (və eyni yaşayış yeri üzrə qeydiyyatda olanlar haqqında) arayış/yaşayış yerindən arayış (forma - 2);
  5. şəxsin özünün və ya ailə üzvlərinin (ər/arvad, övladın) Bakı şəhəri inzibati ərazisi üzrə mülkiyyətində və ya faktiki əvəzsiz istifadəsində yaşayış sahəsinə (mənzil, ev və bu kimi digər daşınmaz əmlak) dair hüquqmüəyyənedici sənədin surəti;
  6. nikah şəhadətnaməsinin surəti;
  7. ailə üzvlərinin (ər/arvad, övladın) adına yaşayış sahəsinin olub-olmaması haqqında DƏDRX-dən arayış;
  8. iş yerindən arayış;
  9. mənzil növbəsində olması haqqında arayış (növbəyə durma tarixi göstərilməklə);

10. əmək kitabçasının surəti.

Mənzil Məsələləri Komissiyası tərəfindən haqqında güzəştli şərtlərlə eyniotaqlı mənzillə təmin edilməklə Kooperativə üzv olmaq qərarı verilmiş şəxslər arasında püşkatma təşkil edilməklə həmin şəxsə məhz hansı ünvanlı mənzilin veriləcəyi müəyyən edilir.

Mənzil Məsələləri Komissiyası tərəfindən güzəştli şərtlərlə müəyyən edilmiş mənzillə təmin edilmə qərarı verildikdən və müvafiq püşkatma keçirildikdən sonra şəxs 15 təqvim günü ərzində Kooperativə müraciət etməli və üzvolma barədə müvafiq müqavilə bağlamalıdır. Əks halda şəxs barəsində verilmiş qərar qüvvədən düşmüş hesab olunur və növbə digər şəxsə keçirilir. Həmin şəxsin isə məsələsinə şəxsin özünün müraciəti əsasında yenidən baxıla bilər.

Kooperativə üzv olmuş şəxs sözügedən mənzil növbəsindən çıxarılmış hesab olunur.

Kooperativlə üzvlük müqaviləsi bağlandıqdan sonra payçı tərəfindən Kooperativə edilən ödənişlər Kooperativlə bağlanmış üzvlük müqaviləsinin nümunəvi layihəsində göstərilmiş ümumi qaydada edilməlidir.  İlkin və aylıq ödənişlərlə bağlı müqavilədə nəzərdə tutulmuş qaydadan kənar hər hansı bir istisna qaydanın tətbiqi yolverilməzdir.

Kooperativ üzvü vəfat etdikdə onunla birgə uçota götürülmüş ailə üzvlərindən biri digər ailə üzvlərinin razılığı ilə eyni şərtlərlə Kooperativə üzvlüyə qəbul edilə bilər. Əks halda məsələ vərəsəlik qaydasında həll edilir.

Kooperativ üzvlüyünə aşağıdakı hallarda birtərəfli qaydada xitam verilir:

1. Kooperativ üzvü intizam tənbeh qaydasında və ya öz xahişi ilə ASCO (və ya Alyansda olan digər şirkət) əmək müqaviləsinə xitam verildikdə;

2. Kooperativlə bağlanmış müqaviləyə əsasən öhdəliklərini yerinə yetirmədikdə;

3. Kooperativ üzvü vəfat etdikdə – əgər ailə üzvlərindən heç biri üzv olmaq istəməzsə;

4. Kooperativ qanunvericiliyə uyğun qaydada ləğv olunduqda.

ASCO üzrə mənzil növbəsində olanların mənzil şəraitində və ailə tərkibində dəyişikliklər baş verdikdə, növbədə olan həmin şəxslər bu barədə ASCO-ya məlumat verməlidirlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin 09 mart 2018-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dənizçi” mənzil-tikinti kooperativinə üzvlərin pay haqqının ASCO və kooperativ üzvü tərəfindən ödənilən hissəsi növbədə olan şəxsin mənzil növbəsinə götürülmə tarixinə əsasən hesablanır. 1984-cü ilədək növbəyə götürülənlər üçün mənzilin ümumi dəyərinin 70%-i ASCO tərəfindən (güzəşt olaraq) ödənilir. Güzəştin faiz dərəcələri 1984-cü ildən sonra növbəyə götürülmüş şəxslər üçün növbədə götürülmə tarixinə mütənasib olaraq dəyişkəndir.