Xəbərlər

Bakı Dövlət Sirkinin yaradıcı heyəti “Dənizçi” istirahət mərkəzində xüsusi proqramla çıxış edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xaçmaz rayonunda yerləşən “Dənizçi” istirahət mərkəzində Bakı Dövlət Sirkinin yaradıcı heyəti xüsusi proqramla çıxış edib.
ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşəbbüsü ilə baş tutan şou-proqramın əsas məqsədi burada dincələn dənizçilərin və onların ailə üzvlərinin yay tətilini yaddaqalan etməkdir.
Proqramda alov, lazer, köpük şoularına xüsusi yer verilib. Eyni zamanda “Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa proqramda illüzonistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin təqdim olunan “Filaminqo”, “Qaraçı qız” və milli rəqslər böyük marağa səbəb olub.
Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.
Qeyd edək ki, Xəzərin ləpədöyənində qərar tutan “Dənizçi” İstirahət Mərkəzi iyulun 1-dən qapılarını dincəlmək istəyənlərin üzünə açıb. 2, 5 və 7 günlük yollayışlarla burada ürəyiniz istədiyi kimi istirahət edə bilərsiniz.