× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da ən yaxşı ənənələrdən biri peşə bayramını sanballı əmək nailiyyətləri ilə qarşılamaqdır

Hörmətli həmkarlar!

25 iyun  “Dənizçi Günü”dür.

Sizi möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsis edilən və bütün dəniz nəqliyyatı işçilərinə ərməğanı olan peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Bu dəfə peşə bayramını xüsusi bir ovqatla – müdrik dövlət başçımızın böyük sərkərdəlik məharəti və yenilməz Ordumuzun rəşadəti sayəsində Qalib ölkənin dənizçiləri kimi qarşılayırıq.

Azad edilmiş rayonlarda erməni işğalçılarının törətdikləri vəhşilikləri görərkən bir daha əmin olursan ki,  tarixi Zəfəri ilə rəşadətli Azərbaycan Ordusu təkcə Qarabağı deyil, bütün regionu erməni faşizmi təhlükəsindən birdəfəlik xilas edib. Sevinirik ki, Qələbənin qazanılmasında təbiət etibarı ilə qorxmaz, cəsur dənizçilərin də xüsusi payı oldu. Bir çox dənizçilərimiz Vətən müharibəsinin ilk günündən könüllü surətdə əllərinə silah alaraq Zəfər yürüşündə yaxından iştirak etdilər. Kimi qanı, kimi canı ilə Qələbəyə gedən yolu qısaltdı. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə bir daha Uca Yaradandan rəhmət diləyir, valideynləri qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.  

ASCO-da ən yaxşı ənənələrdən biri peşə bayramını sanballı əmək nailiyyətləri ilə qarşılamaqdır. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, çoxminli kollektivimiz bu dəfə də peşə bayramını əliboş qarşılamır. Yükdaşımaların həcminin artırılması, ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması, donanmalarımızın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunmuş gəmilərlə gücləndirilməsi, dənizçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan bir çox mühüm addımlar həm də peşə bayramına töhfəmiz sayıla bilər.

Beynəlxalq standartlara uyğun fəaliyyət göstərən ASCO-da donanmaların yenilənməsi dövlət başçımızın diqqət və qayğısı, Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun və yerli gəmiqayırmanın imkanlarına üstünlük verilməklə həyata keçirilir. Qeyd etmək xoşdur ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı vaxtdan dənizçilərimizin istifadəsinə müxtəlif tipli yeni gəmilər verilib. Yaxın-uzaq sularda müvəffəqiyyətlə istismar edilən və bütün parametrlərinə görə sələflərini xeyli üstələyən bu gəmilərdə dənizçilərimiz özlərini daha inamlı hiss edirlər ki, bu da ən çətin səfərlərin belə uğurla başa çatdırılmasında mühüm rol oynayır.

Cari il martın 1-də möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakı gəmiqayırma zavodunda RoPax tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində, dünyada ilk dəfə məhz Bakıda yaradılan “Suraxanı” tanker-muzeyin, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışında iştirak etmələri bizə sonsuz sevinc bəxş etdi.

Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi ilə “Akademik Zərifə Əliyeva” adlı RoPax tipli gəmi-bərənin ikinci mərhələsinin tikintisi, eləcə də üç ədəd  RST12C tipli yeni nəsil tankerin inşası davam etdirilir.

Hörmətli dənizçilər!

Əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın hər sahədə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətlərinin göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.

Sizə aydın səma, uğurlu səfərlər arzulayıram.

Bayramınız mübarək olsun!

 

 Rauf Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri