× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

AXDG sədri Kurık limanında bərə kompleksinin açılışında iştirak edib

Bu gün Qazaxıstanın Mangistau bölgəsində yerləşən Kurık limanında yeni bərə kompleksinin təntənəli açılış mərasimi keçirilib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı ilə baş tutan tədbirə Gürcüstan, Türkiyə, Türkmənistan, İran, Çin, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Azərbaycandan olan aidiyyatı dövlət qurumlarının rəsmiləri və özəl şirkətlərin nümayəndələri də qatılıb. Açılış mərasimində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev də iştirak edib.

Tədbirdə qeyd olunub ki, Kurık limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində yerləşir və bu istiqamətdə yükdaşımaların artmasında xüsusi rol oynayır. Məhz, yeni bərə kompleksinin istifadəyə verilməsi də yük axınının əhəmiyyətli dərəcədə  çoxalmasına şərait yaradacaq. Bu, nəinki Qazaxıstanın, ümumilikdə bölgənin inkişafına kömək edəcək.

Bərə kompleksinin ümumi tutumu yeddi milyon tondan çoxdur. Ərazidə infrastruktur baxımından hər cür şərait yaradılıb. Ən əsası, burada gömrük xidmətinin həyata keçirilməsi zamanı vaxt itkisi problemi olmayacaq. Nəqliyyat vasitələri 30-40 dəqiqədən çox olmayan bir müddətdə yoxlanılacaq. Bərə kompleksində müasir tipli anbarlar da fəaliyyət göstərəcək.

Qeyd edək ki, Kurık limanı 2016-cı ildə istismara verilib. Ümumi sahəsi 40 hektar olan liman əlverişli coğrafi mövqeyə malikdir.  Burada suyun dərinliyi böyük tutumlu gəmilərin yan almasına imkan verir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas tərkib hissəsindən biri sayılan Kurıkdən yüklər Azərbaycan və Gürcüstandan keçərək Avropaya göndərilir.