× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Bayramı Qalib xalq kimi qeyd etməyin də öz sevinci var

Hörmətli həmkarlar!

Qarşıdan əzəməti hüdudsuz  mübarək Ramazan bayramı gəlir. Sizi insanın qəlbini nurlandıran,     humanizm duyğularını gücləndirən bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik edir,  sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət,  müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi  naminə  şərəfli işinizdə uğurlar arzulayıram.

 

Sirr deyil ki, əzəli torpaqlarımızın məkrli, xain qonşularımızın  tapdağı altında olduğu illərdə əllərini göylərə açan hər bir azərbaycanlının Uca Yaradandan ən böyük diləyi yurdumuzun ərazi bütövlüyü  ilə bağlı olub.

 

Şükürlər olsun ki, bu il Ramazan bayramını Qalib ölkə - Qalib xalq kimi qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük haqq savaşımızda bütün dünyaya birliyimizin və ədalətin gücünü göstərən tarixi Qələbəyə imza atdı. Vətən uğrunda canını fəda etmiş qəhrəman övladlarımıza Ulu Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyirəm. İşğaldan azad edilmiş Qarabağda əvvəlki xoşbəxt həyatın bərpası isə şəhidlərin və yurd həsrəti ilə bu dünyadan köçənlərin xatirəsinə ən yaxşı abidə olacaq.

 

Müstəqil Azərbaycanda din dövlətdən ayrı olsa da, yer üzündə sülhün, əmin-amanlığın bərqərar olması naminə insanları savab əməllərə  çağıran İslama böyük hörmət və ehtiramı hiss etmək çətin deyil. Ay-ulduzlu bayrağımızda yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması xalqımızın əsrlərlə etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir. Azərbaycan müstəqilliyə qovuşandan sonra müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramının hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması da  milli-mənəvi dəyərlərə sadiqliyimizi təsdiqləyir.

 

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi, bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməyimizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik.

 

Bugün multikulturalizm ənənələri, tolerantlıq mühiti ilə seçilən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehriban bir ailə kimi yaşadığını müşahidə etmək də, gündən-günə gözəlləşən paytaxtımızın  dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrildiyini görmək də çox xoşdur. Yurdumuzun dünyada digər xalqlara və dini konfessiyalara hörmətlə yanaşan modern müsəlman ölkəsi kimi tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

 

Xalqımızın böyük ruh yüksəkliyi ilə qarşıladığı  mübarək Ramazan bayramını “COVID-19” pandemiyasına görə həmişəki  təntənə ilə qeyd edə bilməsək də, tezliklə bu bəlaya da qalib gələcəyimizə inanıram.  

 

Qoy xalqımızın səadəti, əmin-amanlığı,  gənc müstəqil dövlətimizin  tərəqqisi ilə bağlı bütün arzu və diləklərimiz Ulu Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan mərhəmətini Odlar yurdunun üstündən heç vaxt əskik etməsin. Ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.

   Bayramınız mübarək olsun! 

                                                       

 

Rauf Vəliyev,               

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri