× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Yurdumuza bahar gəlir…

Hörmətli həmkarlar!

Yurdumuza fəsillərin ən gözəli, gəlişinə xalqımızın həmişə ruzi-bərəkət qapısının açılması kimi baxdığı bahar gəlir.

Sizi –  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bütün işçilərini tükənməz yeniləşdirici gücü sayəsində daha xoşbəxt gələcəyə inamımıza inam qatan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoş əhvali-ruhiyyə, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar  arzulayıram.                 

Bu Novruzu həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində  əldə etdiyi Böyük Qələbəmizin bizi heç vaxt tərk etməyəcək qürur, fəxarət hissi ilə qarşılayırıq.       Bu Qələbə təkcə bizim yurd həsrətimizə son qoymadı, həm də ata-baba yurdumuzun 30 illik Novruz intizarına birdəfəlik son qoydu.

Vətənimizin bütövlüyü uğrunda şəhadətə qovuşanlar arasında dənizçilər də var. Bir daha Uca Yaradandan  bütün şəhidlərimizə rəhmət diləyir, belə igidlər böyüdən valideynlərin qarşısında baş əyirik.

Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə əks etdirən ürəklərdə saf niyyətlər, xoş arzular oyadan bu gözəl bayramın – Novruzun  taleyimizdəki yerini, bir xalq kimi milli dirçəlişimizdəki rolunu Ulu öndər Heydər Əliyev çox yüksək  qiymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Xalqımız ulularımızın əvəzsiz yadigarı olan Novruzdan heç vaxt – hətta rəsmən yasaq edildiyi dövrlərdə belə, imtina etməmişdir. Mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşan möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək: ”Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.”

Ölkəmiz müstəqilliyinə yenidən qovuşduqdan sonra Novruz Azərbaycan Respublikasının rəsmi milli bayram statusu qazanmışdır.  Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində gəlişini həmişə səbirsizliklə gözlədiyimiz  bu əziz bayramımızın 2009-cu il sentyabrın 30-da YUNESKO-nun qeyri-maddi mədəni irsinin inciləri sırasına  daxil edilməsi və 2010-cu il fevralın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan olunması hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.

Xalqımızın varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran Novruz həm də daha qüdrətli, daha güclü Azərbaycan naminə bizi yeni əmək qələbələrinə səsləyir. Baharda havaların əlverişli keçməsi dənizçilərimizin də daha çox yük daşımaq imkanlarını xeyli artırır. Əminəm ki, fədakar dənizçilərimiz təbiətin yaratdığı bu imkandan həmişə olduğu kimi, bu dəfə də gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın  iqtisadi inkişafına daha sanballı əmək töhfələri vermək üçün yararlanarlar.

Əziz həmkarlar! Arzu edirəm ki, düz bir il intizarını çəkdiyimiz Novruz  Odlar yurduna əbədi səadət, hər evə, hər ailəyə xoşbəxtlik gətirsin.

Eviniz işıqlı, süfrələriniz bərəkətli, yolunuz açıq olsun!

 

Rauf  VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

 Qapalı Səhmdar Cəmiyyətinin sədri