× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd etdilər

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri bu il də peşə bayramını birgə qeyd etdilər.

Peşə bayramı günündə Azərbaycanın dəniz nəqliyyatı işçiləri əvvəlcə Fəxri Xiyabana gəldilər, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Ümummilli Liderimizin məzarı önünə əklil və gül dəstələri qoydular.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üstünə tər çiçəklər düzüldü.

Şəhidlər Xiyabanında uyuyan oğul və qızlarımızın, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid dənizçilərin xatirəsi də yad edildi.

Daha sonra dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirildi.

Azərbaycanın himni ilə başlayan mərasimdə “AXDG” QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibəti ilə təbrik etdi. Daha sonra son beş illik fəaliyyətlə bağlı hesabat verən Ruaf Vəliyev bu müddətdə aparılan islahatlardan, görülən işlərdən danışdı. Gəmiçiliyin rəhbərliyi bildirdi ki, AXDG qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldığı gündən köklü islahatlar və struktur dəyişiklikləri aparılıb, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada, Gəmiçilikdə SAP sisteminin modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ kompyuter şəbəkəsi yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, gəmilərdə elektron xəritələr tətbiq olunub.

Rauf Vəliyev Gəmiçilikdə Gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açdı. Bildirdi ki, son beş ildə AXDG-nin donanmasına 20-dən çox gəmi daxil edilib. Onlar həm ticarət gəmiləri, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Xəzərdən kənarda fəaliyyətin bərpasına toxunan Rauf Vəliyev bu sahədə də nəzərəçarpacaq addımların atıldığını vurğuladı. Qeyd etdi ki, sözügedən beş il müddətində Gəmiçiliyin Qara və Aralıq dənizi regionunda 13 gəmisi istismara verilib.

Bu istiqamətdə genişmiqyaslı layihələrin bundan sonra da davam edəcəyini deyən QSC sədri əlavə etdi ki,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatına dövlətimizin dəstəyinə, xüsusilə də möhtərəm Prezidentimiz İlham Əliyevin daimi diqqətinə güvənir.

Dənizçiləri bayram münasibətilə təbrik edən Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirdi ki, Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa da, Azərbaycanda bu sahə məhz dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldı, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin uzaqğörən siyasətinin, dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata keçirilməkdədir. Ümumiyyətlə hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Dövlət Dəniz Agentliyinin BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlarla birgə fəaliyyətinə toxunan Qüdrət Qurbanov bildirdi ki, respublikada iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatı sahəsindən də yan keçməyib və bu sahəyə Prezidentin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib.

Tədbir iştirakçılarını bir daha təbrik edən cənab Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə etdi.

Mərasimdə çıxış edən digər qonaqlar son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və tendensiyalardan danışdılar.

Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə çıxışında 160 illik tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bu gün fəaliyyətini müasir standartlara cavab verən bir şirkət kimi davam etdirməsinin qürurverici olduğunu bildirib. Millət vəkili qeyd edib ki, Gəmiçilik Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verir.

Çıxışlardan sonra əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibəti ilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olundu.

Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı  Səhmdar  Cəmiyyətində 2017-ci  ilin yekunlarına görə,  “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı  mexanik”,  “Ən yaxşı elektrik mexaniki”,  “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı bosman”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərə diplomlar verildi.

Daha sonra dənizçilərə həsr olunan “Dənizçilər var olsun!” mahnısı ifa olundu. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi mahnının sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı isə Faiq Sücəddinovdur

Tədbirin sonunda “Dənizçi günü” peşə bayramı ilə əlaqədar Cənab Prezident İlham Əliyevə dəniz nəqliyyatı işçilərinin adından müraciət qəbul olundu.