× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmiçiliyin əməkdaşları “Columbia Shipmanagement Ltd”-nin gəmilərində təcrübə keçəcəklər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə dünyanın müxtəlif aparıcı gəmiçilik şirkətləri və universitetləri ilə əməkdaşlıq edilir.

AXDG-nin əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq gəmiçilik şirkətlərindən biri də “Columbia Shipmanagement Ltd”-dir.

Sözügedən şirkətlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan memoranduma əsasən, il ərzində Gəmiçiliyin 20 əməkdaşının “Columbia Shipmanagement Ltd”-nin gəmilərində təcrübə keçməsi nəzərdə tutulub. Burda onlar müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyəcəklər, daha böyük gəmilərin iş prinsipi ilə yaxından tanış olacaqlar, dünyanın böyük limanlarına getmək imkanı qazanacaqlar.

Artıq layihədə altı əməkdaşın iştirakı təsdiqlənib.

Onlardan ikisi –  Orxan Həsənov və Tural Əliyev 24-28 aprel tarixlərində “Columbia Shipmanagement Ltd”-nin Batumidə təşkil etdiyi təlimi uğurla başa vurublar.  Gənc kadrlar növbəti mərhələdə “Cape Tallin” (yükgötürmə qabiliyyəti – 42010, dedveyti – 73711 ton) və “Cape Dawson” (yükgötürmə qabiliyyəti – 8278 ton, dedveyti – 12789 ton) gəmilərində təcrübəyə yollanacaqlar.

Digər dörd nəfərin iştirakı ilə bağlı isə hazırda sənədləşmə işləri aparılır.

Layihə çərçivəsində gənclərin seçim prosesi xüsusi meyarlar əsasında “AXDG” QSC-nin və “Columbia Shipmanagement Ltd”-nin nümayəndəsi tərəfindən aparılıb. Bu zaman iştirakçıların peşəkarlığı, işləmə prinsipi, xarici dil bilikləri və s əsas götürülüb.

Donanmalarını daim yeniləyən Gəmiçilik gələcəkdə bu kadrların əldə etdiyi təcrübədən bəhrələnmək niyyətindədir.

“Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan  həyatının mühafizəsi və müxtəlif təyinatlı gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində faəliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində  nümayəndəlikləri olan “Columbia Shipmanagement Ltd” idarəçiliyində hazırda 1500-dən çox gəmi mövcuddur. Onlardan 500-ü şirkətin özünə, digərləri isə müxtəlif ölkələrin şirkətinə məxsusdur.