× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Xəzər Dəniz Neft Donanmasının yaranmasından 65 il keçir

Noyabrın 4-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin  Xəzər Dəniz Neft Donanmasının yaranmasının 65 ili tamam olur. Yubiley münasibətilə Cəmiyyətin sədri Rauf Vəliyev XDND-nin kollektivini təbrik edib. Təbrikdə deyilir:

Kollektivin bütün üzvlərini Xəzər Dəniz Neft Donanmasının 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, çətin olduğu qədər də şərəfli işinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Bugün Azərbaycanımızın nəinki regionda, hətta dünyada dinamik inkişaf edən dövlət kimi qəbul edilməsi, bölgədə iqtisadi güc sahibi olması bir reallıqdır.

Ümummilli Liderimiz Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə təməlini qoyduğu neft strategiyası Azərbaycana neft diyarı kimi əvvəlki şan-şöhrətini qaytarıb, dünyanın nəzərlərini yenidən respublikamıza cəlb edib. Fərəhli haldır ki, mahiyyət etibarı ilə müstəqil  dövlətimizin  inkişaf və tərəqqi konsepsiyası olan bu strategiya möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının  rəhbərliyi altında uğurla davam etdirilərək Vətənimizin, xalqımızın mənafeyinə xidmət edir. Belə ki, əgər XX əsrin ən önəmli layihəsi  “Əsrin müqaviləsi”  idisə,  XXI əsrin də ən nəhəng enerji layihəsi «Şahdəniz-2»dir. Sözügedən qaz yatağı dünyanın ən böyük  yataqlarından  biri olub, cari ilin sentyabr ayının 20-də təməli qoyulmuş “Cənub” qaz  dəhlizinin resurs mənbəyidir. Yatağın işlənməsində neft donanmamızın fəal iştirakı tam təmin edilmişdir ki, bu da kollektivə öz potensialını nümayiş etdirməyə gözəl imkanlar yaradıb.

Dünyanın enerji coğrafiyasını yeniləşdirə biləcək bu tarixi layihə, şübhəsiz ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı iqtisadi inkişafına öz əvəzsiz töhfələrini verəcək və ölkəmiz  Avropanın təkcə neft deyil, həm də təbii qaz bazarında əhəmiyyətli rol oynayacaqdır.

Azərbaycanda reallaşan transmilli layihələr, mübaliğəsiz demək olar ki, bugün Xəzər hövzəsini beynəlxalq əməkdaşlıq meydanına çevirib. Bu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən Xəzər Dəniz Neft Donanmasının qarşısında geniş üfüqlər açır.  Qeyd etmək xoşdur ki, Xəzərdə neft-qaz istehsalı proseslərini təmin etmək, dəniz özüllərini və estakadalarını inşa etmək, geoloji və coğrafi tədqiqatlar aparmaq, neft obyektlərini yanğından mühafizə etmək, neftçiləri iş yerlərinə çatdırmaq kimi mühüm xidmətlərin göstərilməsi məhz yubileyini qeyd etdiyimiz müəssisəmizin gəmiləri ilə həyata keçirilir.

1949-cu ildə yaradılarkən əsasən kiçik subasımlı üzən vasitələrdən, dartma qüvvəsi  çox da böyük olmayan yedək, təchizat və az sayda  kran gəmilərindən ibarət olan  neft  donanmasının tərkibinə hazırda hövzədə neft-qaz hasilatı ilə bağlı çoxsaylı xidmətlər təklif edən, yüksək texniki göstəricilərə  malik  188 gəmi  daxildir. Və başlıcası, bu gəmilərdə ölkə rəhbərinin daim diqqət və qayğısını hiss edən, möhtərəm Prezidentimizin etimadını doğrultmağa çalışan, öz əməkləri ilə  respublika iqtisadiyyatına töhfələr verən həmkarlarımız var.

Əminəm ki, kollektivin bütün üzvləri bundan sonra da öz bilik və bacarığına, zəngin təcrübəsinə əsaslanıb, Azərbaycanın tərəqqisi naminə işləyərək, yüksək göstəricilər əldə etməyə çalışacaq.

Sizi bir daha əlamətdar tarix münasibəti ilə təbrik edir,  hər birinizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.