× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun yubiley markaları Dubayda beynəlxalq filateliya sərgisində nümayiş etdirilib

2026-cı il üzrə 21-ci Ümumdünya Poçt İttifaqının (ÜPİ) Təsnifat Müsabiqəsi çərçivəsində müxtəlif ölkələrə məxsus müasir poçt markalarının beynəlxalq nümayişinə start verilib. Müsabiqə formatı sərgi üzərində qurulub: ÜPİ-yə üzv ölkələrin son illərdə dövriyyəyə buraxdıqları poçt markaları beynəlxalq filateliya sərgilərində təqdim olunur, sərgiyə gələn ziyarətçilər isə bəyəndikləri ölkə stendinə QR kod vasitəsilə səs verirlər.

“Azərpoçt”-dan bildirilib ki, bu çərçivədə ilk nümayiş Dubay şəhərində keçirilən “DUBAI 2026” beynəlxalq filateliya sərgisində baş tutub.

Sərgidə ölkəmizi AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən dövriyyəyə buraxılmış müasir poçt markaları təmsil edib.

Azərbaycan stendində Xəzər Dəniz Gəmiçiliyinin 165 illiyi, Ucal Haqverdiyevin 65 illiyi, Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş markalar, eləcə də ölkənin tarixi və milli kimliyini əks etdirən digər buraxılışlar nümayiş olunub.

Sərgi çərçivəsində ÜPİ-yə üzv ölkələr və tərəfdaş qurumlar arasında işgüzar görüşlər də keçirilib. Görüşlərdə “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, eyni zamanda Ümumdünya Filateliya İnkişaf Assosiasiyasının (WADP) sədri olan Sitarə Hüseynova iştirak edib. Görüşlər zamanı beynəlxalq filateliya əməkdaşlığının genişləndirilməsi, müasir poçt markalarının təşviqi və tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 21-ci ÜPİ Təsnifat Müsabiqəsi çərçivəsində təqdim olunan poçt markaları 2026-cı il ərzində ABŞ, Çin, Böyük Britaniya və Monakoda keçiriləcək nüfuzlu beynəlxalq filateliya sərgilərində də nümayiş olunacaq.