× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Cənubi Afrika Respublikasının nümayəndə heyəti Azərbaycanda dənizçilik təhsili ilə tanış olub

Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasını (ADDA) ziyarət edib.

Qonaqlara AZCON Holding şirkətlərindən olan ASCO-nun əsas kadr potensialını formalaşdıran təhsil müəssisəsinin imkanları barədə məlumat təqdim olunub.

Görüş zamanı ADDA-nın rektor əvəzi Eldar Qocayev ölkəmizdə dənizçilik təhsilinin inkişaf istiqamətləri, tədris pillələri, mövcud ixtisaslar, professor-müəllim heyəti və praktiki hazırlıq imkanları barədə məlumat verib. Qeyd edib ki, Akademiya Beynəlxalq Dəniz Təşkilatının siyahısında yer alan nüfuzlu ali dənizçilik məktəblərindən biridir və nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi vasitəsilə dənizçilərin sertifikatlaşdırılmasını həyata keçirir.

Nümayəndə heyəti tələbələrin istehsalat və üzmə təcrübələrini ASCO donanmasında, gəmi təmiri müəssisələrində, eləcə də yerli və xarici şirkətlərin gəmilərində keçmə imkanları ilə tanış olub. Görüşdə dənizçilik sahəsində akademik əməkdaşlıq və tələbə mübadiləsi perspektivləri müzakirə edilib. Qonaqlar həmçinin subbakalavr təhsili üzrə əməkdaşlıq imkanlarına maraq göstəriblər.

Sonda nümayəndələr Akademiyanın maddi-texniki bazası – trenajorlar, ixtisas auditoriyaları, laboratoriyalar, kitabxana və tarix muzeyi ilə yaxından tanış olublar.