Xəbərlər
ASCO-da III rübün yekunlarına həsr olunmuş “Təhlükəsizlik Günü” keçirilib
AZCON Holding şirkətlərindən olan ASCO-da bütün struktur bölmələrin nümayəndələrinin iştirakı ilə 2025-ci ilin üçüncü rübünün yekunlarına həsr olunmuş “Təhlükəsizlik Günü” keçirilib.
Tədbiri ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli açaraq bildirib ki, cari il şirkətdə “Təhlükəsizlik ili” elan olunub. O, ötən müddətdə əməyin mühafizəsi və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini vurğulayaraq, bu sahədə hər bir əməkdaşın şəxsi məsuliyyətinin və intizamlı davranışının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Rüstəm Ağayev çıxışında rüb ərzində təhlükəsizlik, sağlamlıq, yanğın və ekoloji istiqamətlər üzrə aparılmış monitorinqlərin nəticələrini təqdim edib. O, aşkarlanmış risklər, onların qarşısının alınması üçün görülmüş tədbirlər, müşahidə kartları sisteminin tətbiqi və təlimlərin nəticələri barədə məlumat verib.
Daha sonra ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini Həzi Nəbiyev dünya gəmiçiliyində baş verən hadisələrin icmalını təqdim edib. O, beynəlxalq təcrübənin təhlilinin ASCO-nun əməliyyat fəaliyyətində təhlükəsizlik standartlarının təkmilləşdirilməsi baxımından mühüm rol oynadığını bildirib.
Digər struktur bölmə rəhbərləri də çıxışlarında hesabat dövründə ortaya çıxan çətinliklər və təhlükəsizlik göstəricilərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə danışıblar.
Tədbirdə qeyd olunub ki, təhlükəsizlik qaydalarına əməl edən əməkdaşlar mükafatlandırılıb, qaydalara riayət etməyən şəxslər barəsində isə intizam tədbirləri, o cümlədən töhmət tətbiq olunub. Həmçinin vurğulanıb ki, təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsi məqsədilə nəzarət mexanizmləri gücləndirilib, hər bir əməkdaşın bu sahədə məsuliyyət daşıması və qaydalara əməl etməsi ASCO-nun gündəlik fəaliyyətinin əsas tələblərindən biridir.
“Təhlükəsizlik Günü” interaktiv müzakirələr və fikir mübadiləsi formatında davam etdirilib.














