× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində “Suraxanı” gəmi-muzeyində xüsusi proqram təqdim ediləcək

Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə 31 oktyabr – 2 noyabr tarixlərində keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Suraxanı” gəmi-muzeyində xüsusi proqram təqdim olunacaq.

Tədbir günlərində muzeydə Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş "Şövkət" bədii filminin nümayişi baş tutacaq. Bununla yanaşı, ziyarətçilər xanım kapitanın həyat və fəaliyyətini əks etdirən unikal ekspozisiya ilə tanış olacaqlar.

Proqram çərçivəsində qonaqlar üçün gəmi-muzeydə tematik turlar da təşkil ediləcək.

Festival çərçivəsində dünyanın ilk tanker-muzeyində keçiriləcək tədbirlərdə iştirak üçün “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsinin rəsmi saytında ( https://bakuartweekend.az/en/eventinfo/124 ) qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, festivalın əsas mövzusu suyu həyatın, yenilənmənin və davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəltməkdir.