Xəbərlər

ASCO nümayəndəsi DP təlimlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib
ASCO-nun Təlim-Tədris Mərkəzinin direktoru Emil Manafov Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatının Dinamik Mövqe Saxlama (DP) təlimlərinə dair konfransında iştirak edib.
Təlim Türkiyənin İstanbul şəhərində keçirilib və dünyanın müxtəlif ölkələrindən olan dənizçilik sahəsi üzrə onlarla mütəxəssisi bir araya gətirib.
Tədbirdə DP təlimlərinin təşkili zamanı yeni metodların tətbiqi ilə bağlı müzakirələr aparılıb, təlim prosesində qarşıya çıxan məsələlər və onların həlli yolları diqqət mərkəzində olub.
Qeyd edək ki, “The Nautical Institute” təşkilatı 2017-ci ildə Təlim-Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama simulyatoruna sertifikat verib. Bu sertifikat “DP Induction” və “DP Simulator” təlimlərinin keçirilməsinə imkan yaradıb. Sonrakı dövrlərdə isə “DP Revalidasiyası və Təkmilləşdirmə/Bacarıqların Qiymətləndirilməsi” və “Dinamik Mövqe Saxlama Sistemlərinə Texniki Xidmət” təlimləri üçün yeni akkreditasiyalar uğurla əldə edilib.
Hazırda Təlim-Tədris Mərkəzi dünyada DP təlimlərinin keçirilməsinə səlahiyyəti olan 85 mərkəzdən biri, Azərbaycanda isə bu sahədə fəaliyyət göstərən yeganə təşkilatdır.