Xəbərlər

ASCO-nun sifarişi əsasında 8000 ton dedveytli tankerlərin inşası davam edir
AZCON Holding şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) üç yeni tankerin inşası qrafikə uyğun davam edir.
Hazırda həmin tankerlərdən birinin sifarişi üzrə işlərin 27%-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin təxminən 22%-i geridə qalıb.
8000 ton dedveytə malik olacaq yeni tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə əsasında inşa edilir.
Gəmilərin xüsusi konstruksiyası onların dayaz sulu limanlara tam yüklə yanaşmasına imkan verəcək. Bu da tankerlərin istismar çevikliyini artıracaq və kommersiya baxımından əhəmiyyətli üstünlüklər təmin edəcək.
Qeyd edək ki, indiyədək ASCO-nun sifarişi əsasında BGZ-də dörd ədəd milli tanker inşa edilərək təhvil verilib. Onlardan “Laçın” və “Kəlbəcər” neft və neft məhsulları, “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan” isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar edilir. Hazırda inşası davam edən üç ədəd tanker də “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan” tankerləri ilə eyni layihədəndir.