× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Peşəkar dənizçilər “Aframax” tipli tankerlərdə işləməyə dəvət olunublar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) hazırda istirahətdə olan bir qrup gəmi heyəti üzvü ilə görüş keçirilib. Görüşdə Dəniz Nəqliyyatı Donanmasının tankerlərində üzən təcrübəli kapitan və baş mexaniklər, gənc şturman və mexaniklər, eləcə də Xəzər Dəniz Neft Donanmasının xarici layihələrində işləyən dənizçilər iştirak ediblər.

İnsan resurslarının idarəedilməsi departamentinin (İRİD) rəhbəri Sevda Məmmədova dənizçilərlə söhbətində yaxın günlərdə ASCO-nun donanmasına əlavə olunacaq “Aframax” tipli tanker gəmiləri barədə məlumat verib. Bildirib ki, xarici sularda istismar olunacaq bu nəhəng gəmilərdə çalışmaq üçün peşəkar heyətin formalaşması vacib məsələlərdəndir: “Bu məqsədlə artıq vakansiyalar elan edilib. Tanker gəmilərin idarəolunması üzrə işçi diplomu və sertifikatları olan dənizçilər vakansiyalara müraciət edə bilərlər. Bu zaman komandir heyətində işləmək istəyən dənizçidən müvafiq gəmidə və vəzifədə minimum 3, sıravi heyətdə işləmək istəyən dənizçidən isə 1 il iş stajı tələb olunur. Yüksək səviyyədə ingilis dili biliyi də əsas tələblərdəndir.”

Sevda Məmmədova qeyd edib ki, gəmilər Azərbaycan bayrağı altında üzəcək və burada əsas məqsədimiz heyətin də milli kadrlardan təşkil olunmasıdır.

İRİD rəhbəri  dənizçilərə ev növbəsində olduqları müddətdə 2-3 aylıq “Aframax” tipli gəmilərə təhkim olunma imkanı barədə də məlumat verib. Qeyd edib ki,  bu həm təcrübə toplamaq, həm də əlavə qazanc əldə etmək baxımından yaxşı fürsətdir. Təklifi heyət üzvləri müsbət qarşılayıblar.

Görüş zamanı dənizçiləri maraqlandıran suallar cavablandırılıb, həmçinin onların fikirləri dinlənilib.