× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Bərdə” gəmi-bərəsi əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Bərdə” gəmi-bərəsi əsaslı təmir edilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi  buxar qazanında  və  köməkçi qazanında zəruri işlər yerinə  yetirilib.  Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip qəza-xilasetmə radiostansiyalar, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları quraşdırılıb. 

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.

“Bərdə” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Uzunluğu 154.50, eni isə 17 metr olan gəminin maksimal sürəti 12.5 uzeldir.