× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“20 yanvarda doğulanlar” bədii-sənədli filminin təqdimatı olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi şücaət və birliyə həsr olunmuş “20 yanvarda doğulanlar” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimindən əvvəl ASCO rəhbərliyi və kollektivi Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.

ASCO rəhbərliyi, Dövlət Dəniz və Liman Agentliyinin rəhbəri, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndəsi, millət vəkilləri, veteran dənizçilər, kino xadimləri və media nümayəndələrinin iştirakı ilə baş tutan təqdimat mərasimi Mələk Vəlizadənin “Nur” uşaq xorunun ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ASCO-nun sədri Rauf Vəliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Bakıda törətdiyi cinayətlərin yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı törədilən cinayət olduğunu bildirib.

Rauf Vəliyev qeyd edib ki, o dövrdə nəinki hadisələrə siyasi qiymət verilməyib, əksinə, səbəbkarların və günahkarların adları belə xalqa açıqlanmayıb. Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

ASCO-nun sədri vurğulayıb ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində istər 20 Yanvar, istərsə də Qarabağ müharibəsi Şəhidlərinin qisası alınıb: “2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə başa çatdı. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyuldu, 30 illik həsrət bitdi və biz doğma yurd yerlərimizə qovuşduq.  Bu Zəfərlə biz sonsuz qürur yaşadıq, ən əsası isə Şəhidlərimizin qisası alınmış oldu”.

20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu deyən Rauf Vəliyev həmin günlərdə dənizçilərin də böyük fədakarlıq nümayiş etdirdiyini bildirib: “Hadisələrdən 30 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də dənizçilərin qəhrəmanlığından danışılır. Məhz, təqdimatına toplaşdığımız “20 yanvarda doğulanlar” bədii-sənədli film faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimizə həsr olunub. Bədii-sənədli filmin məqsədi 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları geniş auditoriyaya çatdırmaq, bu tarixi gələcək nəslə doğru-düzgün ötürməkdir.”

Sədr çıxışının sonunda ekran işinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən yaradıcı heyətə təşəkkürünü bildirib.

Sonra 20 Yanvar hadisələrinin canlı şahidi, veteran dənizçi Ağalar İbrahimov həmkarlarının şücaətindən iftixarla danışıb. Bildirib ki, 20 Yanvar hadisələri zamanı xalqımızla həmrəy olan dənizçilərin göstərdiyi qəhrəmanlıqlar daim yüksək qiymətləndirilib. O, ASCO-nun təşəbbüsü ilə çəkilən bədii-sənədli filmin buna bariz nümunə olduğunu deyib və filmin çəkilməsində rolu olan hər kəsə minnətdarlığını bildirib.

Ekran işinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov filmin istehsalat prosesindən danışıb. O bildirib ki, ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb. Filmin ssenarisinin yazılmasına və çəkilişlərinə ölkəmizlə yanaşı, xaricdən dəvət olunmuş görkəmli kino işçiləri cəlb edilib.

Elxan Cəfərov 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gələcək nəslə çatdırmaq məqsədilə çəkilən filmə dəstək göstərdiyi üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib.

Çıxışlardan sonra “20 yanvarda doğulanlar” bədii-sənədli film nümayiş edilib.

Təqdimat mərasimindən sonra qonaqlar 20 Yanvar hadisələrini özündə əks etdirən nadir fotolardan ibarət sərgiylə tanış olublar.