× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

ASCO-nun əməkdaşları üçün elektron kabinet – “My ASCO” mobil tətbiqi istifadəyə verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) əməkdaşlar üçün elektron kabinet – “My ASCO” mobil tətbiqinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Təqdimatdan öncə ASCO sədri Rauf Vəliyev çıxış edərək 2022-ci ilin yekunları və qarşıya qoyulan gələcək hədəflər barədə məlumat verib. Sədr çıxışında ASCO ailəsinin hər bir üzvünü 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Rauf Vəliyev “My ASCO” tətbiqinin istifadəyə verilməsini rəqəmsallaşma istiqamətində atılan uğurlu addım kimi dəyərləndirib. O bildirib ki, bu tətbiq elektron xidmətlərə əməkdaşların əlçatanlığını artıracaq.

Qeyd edək ki,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi - ASCO yarandığı dövrdən Gəmiçilikdə biznes proseslərin rəqəmsallaşdırılmasına və müxtəlif elektron sistemlərin tətbiqinə xüsusi diqqət ayrılır. Gəmiçiliyin “Strateji İnkişaf Planı”na uyğun olaraq, rəqəmsallaşma və yeni innovativ həllərin tətbiqi istiqamətində işlər davamlı həyata keçirilir.

Bu çərçivədə əməkdaşlar üçün bir sıra xidmətlərin rəqəmsal platformaya keçirilərək istifadə rahatlığının və operativliyin təmin edilməsi, elektron xidmətlərin ASCO-da çalışan dənizçilər üçün əlçatanlığının artırılması məqsədilə elektron şəxsi kabinet - “My ASCO” mobil tətbiqi hazırlanıb.

ASCO-nun əməkdaşları harada olmağından asılı olmayaraq, tətbiqə həm korporativ email, həm də SAP kodla giriş etməklə, tətbiqin bütün funksionallıqlarından faydalanmaq imkanı əldə edir. Belə ki, “My ASCO” mobil tətbiqi Gəmiçiliyin personalı üçün ASCO ilə bağlı ən son məlumatları əldə etmək, mobil tətbiq üzərindən iş yerindən müxtəlif növ arayış və sənədlər sorğu etmək, ASCO əməkdaşları ilə birbaşa yazışmaq, müxtəlif növ toplu və fərdi bildirişlər, elanlar, sənəd və sertifikatların bitmə vaxtı barədə xatırlatma və digər vacib məlumatlar almaq, real vaxt rejimində aylıq əmək haqqı üzrə ətraflı onlayn çıxarış əldə etmək, məzuniyyət günləri barədə məlumat almaq və məzuniyyət üçün elektron formada müraciət etmək, şəxsi sənədlərin elektron surətini yükləmək, xidməti fəaliyyətin qiymətləndirilməsinin son illər ərzində nəticələri ilə tanış olmaq, eləcə də ASCO-nun daxili onlayn təlim platformasına keçid etmə və digər bir sıra rəqəmsal xidmətlərdən yararlanmaq imkanı verir.

Bundan əlavə, ASCO-nun aparatı və struktur idarələrinə gələn və yaxud iş gününün sonunda çıxan, uyğun avtobus marşrutları, eləcə də hər gün aparatda və struktur bölmələrdə nahar zamanı təqdim edilən yeməklərin siyahısı, ASCO-da mövcud açıq vakansiyalar barədə məlumat əldə etmək və uyğun vakansiya üzrə müraciət göndərmək mümkündür. Həmçinin, “My ASCO” mobil tətbiqi dənizçilərə istənilən məkandan müxtəlif sorğu, təklif, şikayət, eləcə də Gəmiçiliyin rəhbərliyinin qəbuluna yazılmaq üçün elektron müraciət göndərmək imkanı yaradır.

Gələcəkdə “My ASCO” mobil tətbiqi üzərindən göstərilən xidmətlərin genişləndirilməsi və funksionallıqların zamanla artırılması nəzərdə tutulur.

ASCO-nun əməkdaşları “My ASCO” mobil tətbiqini həm iOS, həm də Android cihazlarına yükləyə bilərlər.