× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dünyanın ilk tanker-muzeyinin könüllülərinə məzun sertifikatı verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyində 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib.

Tədbirdə “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən gəmi-muzeydə 3 aylıq təcrübə proqramını uğurla başa vuran 18 nəfər könüllüyə məzun sertifikatı təqdim olunub.

Təcrübə proqramında iştirak edənlərin qazandıqları biliklərin qiymətləndirilməsi məqsədilə könüllülər arasında kvest tipli intellektual yarış keçirilib. “Qafqaz”, “Merkuri” və “Neptun” adlı 3 komandaya bölünən gənclərə gəmi-muzeyə aid suallar təqdim olunub. “Qafqaz” komandası yarışın qalibi adını qazanıb və muzey adından mükafatlandırılıb.

Gənclər foto çəkmək bacarıqlarını da nümayiş etdiriblər. Hər könüllüyə gəmi-muzeyə aid bir foto çəkmək tapşırığı verilib. Bu yarışda qalib gəmi-muzey əməkdaşlarının gizli səsverməsi ilə müəyyənləşib. Nabat Yusifli ən uğurlu foto müəllifi adına layiq görülüb.

Yarışlardan sonra “Suraxanı” gəmi-muzeyində təşkil olunan beynəlxalq tədbirlərin,  o cümlədən “Erasmus+” proqramı çərçivəsində Avropa və Asiyanın 18 ölkəsini təmsil edən 100 gəncin iştirakı ilə keçirilən tədbirin uğurla baş tutmasında yaxından iştirak edən 19 könüllüyə sertifikat verilib.

Azərbaycanda olan könüllülük hərəkatı, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin nəticələrindən biridir. Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır.

ASCO-nun “Suraxanı” gəmi-muzeyi də “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq gəncləri könüllü fəaliyyətə cəlb edir. Bununla bağlı “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyi memorandum imzalayıb. Memorandum çərçivəsində gənclər muzeyin ekspozisiya, araşdırma və xüsusi layihələrin icrası sahələrində yaxından iştirak edirlər.

Memorandum könüllülük sahəsində əməkdaşlığın inkişafı, könüllü fəaliyyətinin genişləndirilməsi, könüllülərin hazırlanmasında təcrübə mübadiləsi məqsədi daşıyır.

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyində yaxın günlərdə növbəti qrup könüllülərin təcrübə proqramına başlanılacaq. Daha 30 nəfər gəmi-muzeydə könüllü fəaliyyətinə cəlb ediləcək.