× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

Bakıda reabilitasiya keçən bir qrup ukraynalı uşaq üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub

Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə reabilitasiya məqsədilə Bakıya gətirilən valideyn himayəsindən məhrum 7-17 yaş arası ukraynalı 28 uşaq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Ekspozisiya zalları ilə tanış olan uşaqlara muzeyin yaranma tarixi, burada nümayiş olunan dənizçiliyin ruhunu özündə əks etdirən eksponatlar, eləcə də müxtəlif sənəd və fotoşəkillər barədə ətraflı məlumat verilib.

Qonaqlar muzeyin zallarında yerləşən artırılmış reallıq sistemləri, müasir interaktiv oyunlar və digər multimediya avadanlıqlarını maraqla qarşılayıblar. Bundan başqa, unikal 360 dərəcəlik ekranda nümayiş olunan 44 günlük Vətən müharibəsini də özündə əks etdirən videonu da ukraynalı uşaqlar həvəs və diqqətlə izləyiblər.

Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivlə də yaxından tanış olublar.

Bir sözlə, Azərbaycan və dünya gəmiçiliyinə aid nadir eksponatlarla zəngin “Suraxanı” gəmi-muzeyini ziyarət ukraynalı uşaqların hər birində xoş təəssürat yaradıb. Onlar muzeydən gözəl ovqatla ayrılıblar.