× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Bilik günü” qeyd edildi

Sentyabrın 15-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirildi.

Tədbiri ADDA-nın rektoru, professor Rasim Bəşirov giriş sözü ilə açaraq tələbələri, müəllimləri, eləcə də bütün kollektivi təbrik etdi, onlara təhsildə və işlərində yeni-yeni uğurlar arzuladı.

Yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə professor-müəllim heyətini, tələbələri təbrik edən və onlara müvəffəqiyyət arzulayan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (AXDG) sədri Rauf Vəliyev ölkəmizdə elmə və təhsilə dövlət qayğısından söz açdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırdı. R.Vəliyev bildirdi ki, bugün ölkəmizdə elmə, təhsilə göstərilən qayğını, möhtərəm Prezidentimizin “Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik…” tövsiyəsinin necə həyata keçirildiyini Azərbaycan Dövlət Dəniz Akademiyasının timsalında da aydın görmək olar. Peşəkar kadrların hazırlanmasına böyük önəm verdiyini vurğulayan “AXDG” QSC-nin sədri, ADDA-nın müasir təhsil ocağına çevrilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini söylədi. Qeyd etdi ki, indi dünyanın aparıcı şirkətlərində olduğu kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində də məhz belə kadrlara ehtiyac vardır.

Bir vaxtlar bu təhsil ocağında oxuduğunu iftixar hissi ilə dilə gətirən Azərbaycan Dövlət Dəniz Administrasiyası rəisinin müavini Şahlar Məmmədov çıxışında ADDA-nın diplomunun 160-dan çox ölkədə tanınmasını çox yüksək dəyərləndirdi. Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan tələbələr onlar üçün yaradılmış şəraitə, göstərilən qayğıya yaxşı oxumaqla, elmin sirlərinə daha dərindən yiyələnməklə cavab verməlidirlər.

Birinci kurs tələbəsi Süleyman Rzayevin atası, “AXDG” QSC-nin sərnişin gəmilərində ikinci mexanik işləyən Çingiz Rzayev bütün valideynlər adından tələbələr üçün yaradılan şəraitə görə Səhmdar Cəmiyyətin rəhbərliyinə və Akademiyanın müəllim heyətinə minnətdarlığını bildirdi, tələbələrə bu qayğıya yüksək biliklə cavab verməyi, müəllimlərin etimadını doğrultmağı tövsiyə etdi.

Qəbul imtahanlarında 561 bal toplamış I kurs tələbəsi Ramazan Əliyev ADDA-da oxumağın həyatının ən böyük arzusu olduğunu, burada təhsil alacağından qürur duyduğunu, Akademiyanın adını daim uca tutacağını, seçdiyi “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına mükəmməl yiyələnəcəyini bildirdi.

Akademiyanın IV kurs tələbəsi, dərs əlaçısı Cavidan Qasımlı yeni qəbul olunanları təhsildə əlaçıların ardıcılları olmağa çağırdı.

Tədbirin sonunda 500-dən çox balla ADDA-ya qəbul olunmuş 4 tələbənin hər birinə “Notebook” hədiyyə edildi.