× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“ASCO istiqrazları”nın mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında “Açılış Zəngi” mərasimi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Bakı Fond Birjasında “Açılış Zəngi” tədbiri keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova bildirib  ki, 2022-ci ildə AMB 33 emissiya prospektini dövlət qeydiyyatına alıb və bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir: “2023-cü ildə bu sahədə ən böyük tədbirlərdən biri “ASCO istiqrazları”nın buraxılışı olub. Bu, digər potensial emitentlər üçün də örnək ola bilər.  Emitentlər arasında ASCO-nu görməyimizə çox şadıq.”

Umeyra İbrahimova  “ASCO istiqrazları”nın BFB-nin «Premium» seqmentində dövriyyə edəcəyini xüsusilə vurğulayıb.

Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev  ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını qeyd edib.   

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu il 165 illik yubileyini qeyd edir. Həmçinin, 2023-cü ildə Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərməyimizin 10 ili tamam olur. Bu əlamətdar tarixlər ərəfəsində tədavülə buraxdığımız “ASCO istiqrazları” 2014-cü ildən fəaliyyətini hər il mənfəətlə başa vuran şirkətimizin inkişafına daha böyük töhfə verəcək. O, tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız  üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini  də qeyd edib.

PAŞA Kapital İnvestisiya Şirkətinin sədri Ceyhun Hacıyev vurğulayıb ki, ASCO korporativ istiqrazlarının kapital bazarlarına daxil olması dövlət əhəmiyyətli mərhələ sayılır. Bu addım ASCO-nun timsalında digər dövlət şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, korporativ istiqraz emissiyasının əldə etdiyi uğurlu nəticələr digər dövlət şirkətlərini kapital bazarlarına daxil olmağa daha da həvəsləndirəcək.

Çıxışlardan sonra “ASCO istiqrazları”nın ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb.

Sonda “Bakı Fond Birjası” QSC adından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə xatirə hədiyyəsi təqdim olunub və foto çəkilib.

Xatırladaq ki, 29 dekabr 2022-ci ildə “Bakı Fond Birjası” QSC-nin  Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.   Hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan 100 min ədəd istiqrazlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Qeyd olunan istiqrazların abunə yazılışı 29 dekabr tarixindən başlayıb və fevralın 28-dək davam edib.